Ukrayna və Rusiya 314 məhbusun mübadiləsi barədə razılığa gəldi
Dünya
05.02.2026 15:37
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən danışıqlar zamanı 314 məhbusun mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da yazıb.
Onun sözlərinə görə, bu, son beş ay ərzində baş tutan ilk məhbus mübadiləsidir. Razılaşma ətraflı və məhsuldar sülh danışıqları nəticəsində mümkün olub. Uitkoff qeyd edib ki, görüləsi hələ çox iş var, lakin bu cür addımlar diplomatik dialoqun real nəticələr verdiyini göstərir.
O, danışıqların davam edəcəyini və yaxın həftələrdə əlavə irəliləyişin gözlənildiyini də bildirib.
Qeyd edək ki, 4-5 fevral tarixlərində Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinə son qoyulmasına həsr olunan ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsi keçirilir. Moskva və Kiyev danışıqların gedişi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Məhbus,ABŞ,Todaypress.tv,
