Uitkoff və Kuşnerin yerinə o gəlir? Rusiya ilə danışıqlarda yeni AD

Uitkoff və Kuşnerin yerinə o gəlir? Rusiya ilə danışıqlarda yeni AD
09.09.2026 19:48 Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklif Rusiya və Ukrayna arasında danışıqlarda daha böyük rol oynamağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Donald Tramp administrasiyası Stiv Uitkoff və Cared Kuşnerin danışıqlardakı iştirakını azaltmağı nəzərdən keçirir. Bununla belə, Tramp hələ yekun qərar verməyib və Uitkoffun Retkliflə birlikdə prosesdə qalması mümkündür.

Mümkün dəyişikliklər ABŞ-nin diplomatik səylərinin dalana dirənməsi fonunda gündəmə gəlib. Uitkoff və Kuşnerin Moskva və Kiyevə son səfərlərinin də yeni təşəbbüslərin ortaya çıxmasına ciddi təsir etmədiyi bildirilir. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin mövqeyini yumşaltmağa hazır olduğuna dair ciddi əlamətlərin olmadığı qeyd edilir.

Mənbələrdən biri bildirib ki, müharibə kimi mürəkkəb məsələnin həlli üçün danışıqlara fasilələrlə qoşulmaq kifayət deyil və proses davamlı, koordinasiyalı diplomatik fəaliyyət tələb edir.

Avropanın bir sıra paytaxtlarının Retklifin prosesdə rolunun artırılmasını müsbət qarşıladığı bildirilir. Buna səbəb Uitkoffun danışıqlara qeyri-ənənəvi yanaşmasından narazılığın artmasıdır.

Ukrayna tərəfi isə ABŞ-nin hansı nümayəndəsinin danışıqlara rəhbərlik etməsindən asılı olmayaraq əməkdaşlığa hazır olduğunu açıqlayıb. Kiyev əsas problemin Rusiya olduğunu düşünür və Uitkoffun Putinə kifayət qədər təzyiq göstərmədiyini hesab edir.

Moskva isə öz növbəsində Alyaskada keçirilən sammitin uğursuzluğuna görə qismən Uitkoffu məsul tutur.

Bundan əlavə, Cared Kuşnerin yaxınlarına Ukrayna məsələsindən uzaqlaşaraq diqqətini Qəzza və ABŞ-İsrail-İran müharibəsinə yönəltmək istədiyini söylədiyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər