Tolstoyun iki milyon səhifəlik əlyazmaları üçün yeni saxlama mərkəzi hazırlanır

Dünya

01.05.2026 04:00

Rusiya Mədəniyyət Nazirliyi dahi yazıçı Lev Tolstoyun milyonlarla vərəqdən ibarət əlyazmalarının müasir standartlara uyğun qorunması və daha əlçatan olması məqsədilə yeni tədqiqat və saxlama mərkəzi inşa etməyi planlaşdırır.

TodayPress TV məlumat verir ki, hazırda ədibin 2 milyondan çox əlyazma səhifəsi Rusiya Rəssamlıq Akademiyasına məxsus və "polad otaq" kimi tanınan 49 kvadratmetrlik xüsusi seyfdə mühafizə olunur. Sözügedən arxiv 1921-ci ildən fəaliyyət göstərir və hazırda tədqiqatçıların istifadəsi üçün qapalıdır.

Ekspertlərin sözlərinə görə, mövcud məhdud və dar şərait bu nəhəng ədəbi irsin gələcək nəsillərə çatdırılması, eləcə də araşdırılması üçün yetərli deyil. Bundan əlavə, sənədlərin zədələnməsi təhlükəsi də mövcuddur.

Bu səbəbdən qabaqcıl texnoloji tələblərə cavab verən, daha geniş və müasir deponun yaradılması vacib hesab olunur.

Yeni mərkəzin yalnız arxiv kimi deyil, eyni zamanda rəqəmsallaşdırma, sərgi və elmi tədqiqat platforması kimi fəaliyyət göstərməsi gözlənilir.

Layihənin əsas məqsədi Tolstoyun zəngin irsini həm alimlər, həm də geniş ictimaiyyət üçün daha əlçatan və rahat formaya gətirməkdir.

TodayPress TV

tag: Tolstoy,Muzey,Rusiya,Yazıçı,Todaypress.tv,