Gənc tennisçimiz Avropa rəqiblərini geridə qoyaraq medal qazandı
Tunar Bağırov Latviyada keçirilən beynəlxalq turnirin mükafatçısı olub.
TodayPress TV xəbər verir ki, stolüstü tennisçimiz Tunar Bağırov “Riga City Council's Youth Cup 2026” beynəlxalq turnirində bürünc medal qazanıb.
16 yaşlı idmançımız öz yaş kateqoriyasında mübarizəni 1/4 final mərhələsində dayandırsa da, U-19 kateqoriyasında daha uğurlu çıxış edib.
Tunar Bağırov qrup mərhələsində Malta, Estoniya və İsveç təmsilçilərinə qalib gəlib. O, pley-off mərhələsində də uğurlu çıxışını davam etdirərək 1/16 finalda İngiltərə, 1/8 finalda Litva, 1/4 finalda isə Latviya idmançısını məğlub edib.
Yarımfinalda Litva təmsilçisinə uduzan tennisçimiz turniri üçüncü pillədə başa vuraraq bürünc medalın sahibi olub.
Qeyd edək ki, bu, Tunar Bağırovun beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatdır.
Namiq HUN