"Siz İsrailin siması deyilsiniz!" - Təl-Əvivdə daxili müharibə: Ben-Qviri nə gözləyir?
Dünya
20.05.2026 20:40
İsrail rəhbərliyi Qəzzaya doğru hərəkət edən gəmi karvanının saxlanılan fəallarına qarşı tətbiq edilən rəftara görə ölkənin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirə kəskin ittihamlar irəli sürüb.
TodayPress TV xəbər verir ki, Baş nazir Benyamin Netanyahu və Xarici İşlər Naziri Gideon Saar nazir Ben-Qvirin addımlarını sərt şəkildə tənqid ediblər.
Netanyahu İsrailin öz təhlükəsizliyini qorumaq hüququnu vurğulamaqla yanaşı, saxlanılan fəallarla davranışı qeyri-etik adlandırıb:
"Nazir Ben-Qvirin fəallara qarşı nümayiş etdirdiyi münasibət İsrailin dəyərləri və normaları ilə bir araya sığmır. Bu, qəbuledilməz rəftardır".
Netanyahu həmçinin bildirib ki, aidiyyəti qurumlara sözügedən fəalların ölkədən mümkün qədər tez deportasiya edilməsi barədə göstəriş verilib və yaranmış vəziyyətlə bağlı Ben-Qvir ilə ciddi müzakirələr aparılacaq.
Xarici İşlər Naziri Gideon Saar isə Milli Təhlükəsizlik Nazirinə ünvanladığı bəyanatda həmkarını İsrailin beynəlxalq nüfuzuna zərbə vurmaqda ittiham edib:
"Siz bu rüsvayçı nümayişlə dövlətimizə bilərəkdən zərər vurdunuz və bu, ilk dəfə deyil. İsrail Müdafiə Qüvvələrinin əsgərlərindən tutmuş Xarici İşlər Nazirliyinin əməkdaşlarına qədər bir çox insanın göstərdiyi böyük, peşəkar və uğurlu səyləri puça çıxardınız. Xeyr, siz İsrailin siması deyilsiniz".
Aysel Mətləb
tag: İsrail ,Ben-Qvir,Gideon Saa,Benyamin Netanyahu,TodayPress TV,
