Səudiyyə Ərəbistanı İrandan bunu tələb etdi - Pakistan mesajı çatdırdı
Pakistan Səudiyyə Ərəbistanının İrana ünvanladığı xəbərdarlığı Tehrana çatdırıb. Səudiyyə Ərəbistanı İrandan Yəməndəki husilərə təsir göstərərək krallığa hücumların qarşısını almağı tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Pakistan Tehrandan husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını dayandırmasına kömək etməsini istəyib. İslamabadın məqsədinin qarşıdurmanın daha geniş regional böhrana çevrilməsinin qarşısını almaq olduğu bildirilib.
İran tərəfi isə husilərə nəzarət etmədiyini bildirib. Bununla yanaşı, Reuters-ə danışan iki iranlı mənbə iddia edib ki, Tehran husiləri Səudiyyə Ərəbistanına qarşı hücumları gücləndirməyə çağırıb və əlavə maliyyə və silah yardımı vəd edib.
Pakistan həmçinin bildirib ki, Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəyi yalnız müdafiə xarakteri daşıyacaq. Pakistan qüvvələrinin Yəməndə hərbi əməliyyatlarda iştirak etməyəcəyi, dəstəyin Səudiyyə Ərəbistanının ərazisinin müdafiəsi ilə məhdudlaşacağı vurğulanıb.
Kübra Musayeva