Rusiya Ukraynaya kütləvi hava hücumları etdi
Dünya
20.05.2026 09:32
Mayın 19-dan 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla genişmiqyaslı hücum həyata keçirib. Hücum zamanı ballistik raketlər və “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb
Bildirilir ki, ən ağır vəziyyət Dnepr şəhərində qeydə alınıb. Şəhərə əvvəlcə ballistik raketlərlə zərbə endirilib, daha sonra gecə saatlarında dron hücumu olub. Hücum nəticəsində anbarlarda güclü yanğın baş verib.
Məlumata görə, Dneprdə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Xarkov şəhərində isə “Şahed” dronları Xolodnoqorsk və Novobavarsk rayonlarına düşüb. Zərər və itkilər barədə məlumat yoxdur.
Odessada da gecə saatlarında bir neçə partlayış baş verib. Hücum nəticəsində yaşayış evləri və avtomobillər zədələnib, bir mərtəbəli bina tamamilə dağılıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.
Sumı vilayətinin Konotop şəhərində dron hücumu yaşayış binasına ciddi ziyan vurub. Binanın üç mərtəbəsinin dağıldığı bildirilir. Şəhər rəhbərliyi çox sayda yaralının olduğunu və bəzi insanların dağıntılar altında qala biləcəyini açıqlayıb. Həmçinin şəhər muzeyinin tam məhv olduğu qeyd olunur.
Ukrayna Hərbi Hava Qüvvələri və yerli administrasiyalar hücumlarla bağlı məlumat yayıb. Axtarış-xilasetmə işləri davam edir, itkilərin sayı dəqiqləşdirilir.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Hava hücumu,PUA,Todaypress.tv,
