Qərb Belarusu müharibəyə qarışmağa qoymur - Lukaşenko nə edəcək?

Qərb Belarusu müharibəyə qarışmağa qoymur - Lukaşenko nə edəcək?
07.09.2026 21:50 Dünya

Qərb kəşfiyyat xidmətlərinin Belarusun Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak etməsinin qarşısını almağa çalışdığı bildirilir.

TodayPress TV xəbər verir ki, “Intelligence Online”ın məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya gizli səfərindən bir neçə həftə əvvəl Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) yüksəkvəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Minskə səfər edib. Nümayəndə heyəti Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri İvan Tertellə danışıqlar aparıb.

Məlumata görə, səfərin əsas məqsədlərindən biri Minsk vasitəsilə Moskvaya mesaj çatdırmaq və Belarusun Rusiya-Ukrayna müharibəsində “dostyana” neytrallığını qoruyacağına əmin olmaq olub.

Nəşr qeyd edir ki, Parisin Minskin neytral mövqeyini qorumaq istiqamətində səyləri yeni deyil. Belə ki, 2022-ci ilin fevralından Fransa kəşfiyyatı Aleksandr Lukaşenkoya ölkəsinin döyüşlərdə birbaşa iştirakından çəkinməsi üçün təzyiq göstərmək məqsədilə “Alisiya” adlı əməliyyata başlayıb. Nəşrin məlumatına görə, Belarus lideri bu tələbi yerinə yetirməyə razılaşıb.

Bildirilib ki, Belarusla əlaqə saxlayan yeganə Qərb kəşfiyyat xidməti DGSE deyil. 2025-ci ilin ortalarında ABŞ nümayəndə heyəti də Belarusda səfərdə olub. Təxminən eyni vaxtda DTK sədri Tertel Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin nümayəndələri ilə də görüşüb.

“Intelligence Online” yazır ki, Qərb kəşfiyyat rəhbərləri üçün Minsk ilə yaxşı münasibətlərin qorunması onların səslərinin Moskvada daha yüksək eşidilməsinə və birgə planların hazırlanmasına ümid etməyə imkan verir.

Nəşrin qənaətinə görə, Minskin birbaşa münaqişəyə cəlb olunmaqla bağlı “qorxusu” Qərbə Belarusun mövqeyinə təsir imkanını qoruyub saxlamağa şərait yaradır.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər