Putinin medal verdiyi narkotik satan generalın Ukraynadan meyiti gəldi
Rusiya lideri Vladimir Putin tərəfindən şəxsən mükafatlandırılan yüksək vəzifəli rus generalı Ukraynada öldürülüb.
TodayPress TV xəbər verir ki, Rusiya KİV-in yaydığı məlumata görə, Cənub Hərbi Dairəsinin 51-ci Ordusunun komandiri, general-leytenant Sergey Milçakov ordu qərargahına endirilən raket zərbəsi nəticəsində həlak olub.
Milçakovun 2022-ci il fevralın 24-də başlayan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının planlaşdırılması və təşkilində iştirak etdiyi bildirilir. 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin ona şəxsən “Rusiya Qəhrəmanı” fəxri adını verib.
Generalın adı daha əvvəl də müxtəlif qalmaqallı iddialarla gündəmə gəlib. 2025-ci ilin əvvəlində Ukrayna mediası və OSINT araşdırmaçıları sızdırılmış məlumatlara istinadən Milçakovun rəhbərlik etdiyi 51-ci Orduda rus hərbçilərinə narkotik satışını həyata keçirən kölgə şəbəkəsinin fəaliyyət göstərdiyini iddia ediblər.
Həmin araşdırmalarda korrupsiya və insan alverinə qarşı çıxan hərbçilərin ağır itkilərlə nəticələnən və “ət hücumları” adlandırılan əməliyyatlara göndərildiyi də irəli sürülüb.
Milçakov həmçinin sursat qutularından istifadə etməklə cəbhəyə siqaret qaçaqmalçılığı təşkil etməkdə və həmin siqaretləri hərbçilərə şişirdilmiş qiymətlərlə satmaqda ittiham olunub.
OSINT araşdırmalarında haker hücumları nəticəsində əldə edildiyi bildirilən şəxsi yazışmalara əsasən, generalın rütbəsindən şəxsi məqsədləri üçün istifadə etdiyi və qadın tabeliyində olan hərbçiləri qeyri-rəsmi vəzifə və yüksəliş vədləri qarşılığında cinsi münasibətlərə məcbur etdiyi də iddia edilib.
2026-cı ilin əvvəlində isə Dobropillya istiqamətindəki uğursuz hücum və çoxsaylı canlı qüvvə və zirehli texnika itkilərindən sonra Milçakovun vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumatlar yayılıb.
Generalın ölümünün detalları və raket zərbəsinin nəticələri ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.
Jalə Rövşən