Polşa Ukrayna ilə sərhəddə müharibə rejiminə keçir? - XÜSUSİ HAZIRLIQ

Polşa Ukrayna ilə sərhəddə müharibə rejiminə keçir? - XÜSUSİ HAZIRLIQ
16.09.2026 20:02 Dünya

Polşa Rusiyanın hücumlarından sonra Ukrayna ilə sərhəddə yerləşən keçid məntəqələrinin mühafizəsini gücləndirmək qərarına gəlib və hərbçilər göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

Onun sözlərinə görə, son günlər Rusiyanın hərəkətləri bütün Avropanın təhlükəsizliyinə təhdid yaratdığını göstərir, bununla bağlı hərbçilər Sərhəd Xidmətinə dəstək göstərmək üçün göndərilib. Nazir onu da qeyd edib ki, 18-ci mühəndis alayının əsgərləri artıq Polşa-Ukrayna sərhədindəki keçid məntəqələrinin və infrastrukturun möhkəmləndirilməsi işlərini aparırlar.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, işlərə Dorohusk, Medıka və Korçova keçidləri yaxınlığında müşahidə və mühafizə postları tikən 4-cü mühəndis alayı da cəlb olunub.

Polşanın Baş naziri Donald Tusk vurğulayıb ki, önümüzdəki aylarda keçid məntəqələri "xüsusi rejimdə" işləyəcək. Podkarpat voyevodluğunun voyevodası Tereza Kubas-Xul keçid məntəqələrinin təhlükəsizliyi məsələləri üzrə böhran qərargahı çağıracağını bildirib. Onun sözlərinə görə, infrastruktur eyni zamanda fövqəladə hal yarandıqda insanların tez bir zamanda təxliyə edilməsi imkanları baxımından yoxlanılacaq.

Öz növbəsində Nadbujanski sərhəd dəstəsinin komandiri general Yatsek Şçonxor keçid məntəqələrinin əməkdaşlarına dəbilqə və zirehli jiletlərin verilməsini, həmçinin sığınacaq yerlərinin müəyyənləşdirilməsini tapşırıb.

Xatırladaq ki, sentyabrın 13-də Rusiyanın Ukraynaya hücumu zamanı bir pilotsuz uçuş aparatı Polşa sərhədindən 1 km, ikincisi isə 5 km aralıda düşüb. Üçüncü pilotsuz aparat isə Volın vilayətinin "Yaqodin" stansiyasında Kiyev-Varşava qatarına zərbə vurub. Zərbədən 15 dəqiqə əvvəl sərnişinləri təxliyə edə biliblər, heç kim xəsarət almayıb.

Ukraynada bildiriblər ki, zərbənin hədəfi məhz stansiyadan nəzərdə tutulan vaxtdan tez yola düşən diplomatik qatar ola bilərdi. Onun sərnişinləri arasında Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson və Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Sautter olub. Həmin vaxt stansiyada olan başqa bir qatarda MKİ-nin keçmiş direktoru Devid Petreus olub.

Hücum zamanı Polşa hərbçiləri qırıcıları havaya qaldırıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər