"Polis ona xidmət edəcək, məmurlar qarşısında baş əyəcək..."

Dünya

30.04.2026 18:45

Şotlandiyada meşədə “Afrika krallığı” quran şəxs ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, “The Scottish Sun” qəzetinin məlumatına görə, 36 yaşlı Qana vətəndaşı Kofi Offe öz “krallığını” qurduğu Şotlandiya meşəsindən çıxarılıb və ölkədən deportasiya olunub.

Offe, Zimbabvedən olan həyat yoldaşı Jan Qaşo və amerikalı xidmətçisi Kaura Teylor ilə birlikdə Şotlandiyanın Cedburq şəhəri yaxınlığında yerləşən düşərgədə altı ay yaşayıb. Onlar ağacların arasında çadırlar quraraq burada “Kubala Krallığı”nı yaratdıqlarını elan ediblər. Özlərinin “Vəd edilmiş torpaq”da yaşadıqlarını iddia edən üçlük insanları da onların yanına köçməyə çağırıb.

Onlar bir neçə dəfə meşədən çıxarılsalar da, 2025-ci ilin oktyabrında Offe nəhayət həbs olunub. Səbəb isə onun vizasının müddətinin bitməsi olub. Altı ay sonra özünü Afrika krallığının hökmdarı elan edən şəxs deportasiya edilib. Qaşo və Teylor isə uşağa laqeyd münasibət ittihamı ilə həbsdə saxlanılır.

Qeyd edilib ki, Offe aprelin 22-də Qanadakı hava limanına çatıb. O, vətəninə qayıtdıqdan sonra hakimiyyəti ələ keçirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, polis ona xidmət edəcək, yüksək vəzifəli məmurlar isə qarşısında baş əyəcək.

“Kral” həmçinin Qaşo və Teylorun da guya çoxsaylı tərəfdarları ilə birlikdə tezliklə ona qoşulacağını gözlədiyini deyib.

Jalə Rövşən 

TodayPress TV

tag: Kral ,Afrika ,Şotlandiya ,Deportasiya ,Todaypress.tv,