Pakistan və Əfqanıstan Çində sülh danışıqlarına başladı

Dünya

03.04.2026 00:18

Pakistan Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökuməti ilə Çində sülh danışıqları apardığını təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Məlumata görə, Pekin yüzlərlə insanın ölümünə və ticarət, sərhəd hərəkətinin pozulmasına səbəb olan həftələrlə davam edən döyüşlərdən sonra uzunmüddətli atəşkəs əldə etməyə çalışır. 

Bildirilib ki, danışıqların yeni mərhələsinin təsdiqlənməsi hər iki ölkənin nümayəndələrinin Çinin qərbindəki Urumçi şəhərinə gəlməsindən bir gün sonra baş verib. Lakin, Pakistanı danışıqlarda kimin təmsil etdiyi məlum deyil. 

Eyni zamanda, Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Əbdül Qahar Bəlx sosial mediada Çinin xahişi ilə danışıqlarda iştirak etmək üçün ölkəsindən orta səviyyəli nümayəndə heyətinin Urumçiyə gəldiyini açıqlayıb. 

Bəlxin sözlərinə görə, Əfqanıstan qarşılıqlı hörmətə və müdaxilə etməməyə əsaslanan diplomatik əlaqələrin ikitərəfli problemlərə praktik və uzunmüddətli həll yolları tapmağa kömək edə biləcəyinə inanır. 

Həmçinin Pakistan Xarici İşlər Nazirliyinin İslamabaddakı rəsmi sözçüsü Tahir Andrabi mətbuat konfransında danışıqların davam etdiyini açıqlayıb. O qeyd edib ki, danışıqların uğuru əsasən Kabildən asılıdır. 

Aysel Mətləb

TodayPress TV

tag: Pakistan,Əfqanıstan,Danışıqlar,Çin,TodayPress TV,