Overçuk: "Azərbaycanda cəlbedici investisiya şəraiti yaradılır"

Dünya

17.04.2026 21:56

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya və Azərbaycanın işgüzar dairələrini açılan əməkdaşlıq imkanlarından maksimum dərəcədə yararlanmağa çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökumətinin saytında dərc olunmuş məlumatda deyilib.

Bildirilib ki, Overçuk iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasının proqramı çərçivəsində Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında iştirak edib.

"Burada (Azərbaycanda) biznesin inkişafı üçün əlverişli və cəlbedici investisiya şəraiti yaradılır. Mən Rusiya biznesini ilk növbədə Azərbaycan Respublikası hökumətinin bu sahədəki təşəbbüslərinə nəzər salmağa və Azərbaycan hökumətinin təqdim etdiyi imkanlardan daha fəal şəkildə istifadə etməyə çağırıram", - deyə o qeyd edib.

O, həmçinin Azərbaycan biznesini də Rusiyadakı imkanlara, kooperasiya proseslərinin yarana biləcəyi xüsusi iqtisadi zonalara nəzər salmağa çağırıb.

Rusiya hökumətinin saytında qeyd olunduğu kimi, iclasın ayrıca tematik blokunu turizmin inkişafı təşkil edib:

"Hökumət sədrinin müavini qeyd edib ki, ötən il 200 minə yaxın Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyasına səfər edib, Rusiyanın 500 minə yaxın vətəndaşı isə Azərbaycanda olub. O, bunun ciddi, lakin turizm mübadiləsi üçün heç də son hədd olmayan göstəricilər olduğunu vurğulayıb. O bildirib ki, tərəflər Azərbaycan şəhərləri ilə birbaşa aviabağlantısı olan Rusiya regionlarının sayını artırmaq üçün uçuş şəbəkəsinin genişləndirilməsini müzakirə edirlər. Vitse-premyer Azərbaycanda yaradılmış müasir beynəlxalq hava limanları şəbəkəsini yüksək qiymətləndirib və qeyd edib ki, Rusiya turizm biznesi yeni marşrutların və turizm məhsullarının formalaşdırılması üçün bu imkanlardan daha diqqətlə istifadə etməlidir".

Aysel Mətləb

TodayPress TV

tag: Overçuk,Azərbaycan,Rusiya,Biznes,TodayPress TV,