NASA-dan yenilik: Bu tətbiqlə Yer kürəsinə adınızı yaza bilərsiniz

Dünya

28.04.2026 18:30

NASA istifadəçilərə Yer səthinin real mənzərələrindən adlar yaratmağa imkan verən “Your Name in Landsat” adlı tətbiqi istifadəyə verib.

TodayPress TV xəbər verir ki, "Pulsefeed"in məlumatına görə, bu layihə aprelin 25-də təqdim olunub və aprelin 22-də qeyd edilən Yer Günü ilə üst-üstə düşür.

Tətbiq adların yaradılması üçün NASA Yer Rəsədxanası, USGS EarthExplorer, Worldview və ESA Sentinel Hub arxivlərindəki məlumatlardan istifadə edir.

Məqalədə qeyd olunur ki, “çaylarda, göllərdə və dağlarda yazılmış adlar <...> hər hərf süni təsvir deyil, Yer səthinin real bir hissəsidir”.

Mütəxəssislərin hazırladığı alqoritm Landsat peykləri vasitəsilə çəkilmiş milyonlarla təsviri təhlil edir və hərflərə bənzəyən təbii formaları müəyyənləşdirir. Məsələn, çay deltaları “Y”, dağ silsilələri isə “K” hərfinə bənzər formalarda istifadə olunur.

NASA-nın məlumatına görə, bu layihə təkcə əyləncə məqsədi daşımır, həm də ekoloji maarifləndirməyə xidmət edir. O, insanları öz planetləri ilə daha yaxın əlaqə qurmağa təşviq edir.

Yaradıcıların bildirdiyinə görə, yeni funksiya artıq sosial mediada geniş yayılıb və Google daxil olmaqla müxtəlif platformalarda trendə çevrilib. Tətbiqdən istifadə isə pulsuzdur.

Jalə Rövşən 

TodayPress TV

tag: NASA ,Layihə ,“Your Name in Landsat”, Sosial media,Todaypress.tv,