Mossadın planı deşifrə edildi: Mahmud Əhmədinejat hakimiyyətə gəlir

Dünya

20.05.2026 11:06

ABŞ və İsrail fevral ayının sonunda başlayan İran əməliyyatına Mahmud Əhmədinejadın İranın yeni rəhbəri kimi qoyulması məqsədilə hazırlanmış gizli rejim dəyişikliyi planı ilə daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Bildirilir ki, Holokostu inkar etməsi və “İsraili xəritədən silmək” çağırışları ilə tanınan keçmiş prezidentin bu rola seçilməsi bir çoxlarını təəccübləndirib.

Mənbələr bildirir ki, İsrailin ilk günlərdəki hava zərbələrindən biri məhz Əhmədinejadı ev dustaqlığından azad etmək üçün nəzərdə tutulmuşdu. Zərbə Tehrandakı evinə endirilib, İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) mühafizəçiləri öldürülüb. Əhmədinejad yaralansa da, sağ qalıb. Lakin sonrakı hadisələrdə rejim dəyişikliyi planından məyus olaraq ondan uzaqlaşıb.

Planın əsas elementləri arasında genişmiqyaslı hava hücumları, Ali Rəhbər Əli Xameneinin və digər yüksək rütbəli rəsmilərin məhv edilməsi, kürd qüvvələrinin iştirakı ilə əməliyyatlar və Əhmədinejadın rəhbərlik etdiyi “alternativ hökumət”in qurulması yer alırdı. İsrail kəşfiyyatının rəhbəri David Barnea hələ də planın uğur qazanacağına inanırdı.

ABŞ Prezidenti Donald Tramp müharibənin ilk günlərindən sonra “daxildən kimsə”nin İranı ələ keçirməli olduğunu açıq şəkildə vurğulamışdı. Mənbələrə görə, bu “kimsə” artıq seçilmiş və planlaşdırılmışdı; İsrailin hava zərbəsi ilə həbsxanadan (ev dustaqlığından) azad edilməsi gözlənilirdi. Lakin plan sürətlə iflasa uğradı. Əhmədinejad zərbədən sonra gizlənib və rejim dəyişikliyi ssenarisindən imtina edib.

Hadisə ilə bağlı suallar çoxdur və müharibənin gedişatı planı tamamilə dəyişib.

Jalə Rövşən

TodayPress TV

tag: Mahmud Əhmədinejad,ABŞ ,İsrail ,İran ,Todaypress.tv,