Kosmosda ilk dəfə: Peyk adi 5G telefonu kimi Yerə qoşuldu
Fransanın peyk operatoru "Univity" yeni texnologiyanın uğurlu sınağını keçirib.
TodayPress TV xəbər verir ki, şirkətin məlumatına görə, 5G baza stansiyası daşıyan peyk ilk dəfə Yer səthindəki terminalla ikitərəfli əlaqə qurub.
"uniSpark" adlı peyk 2025-ci ilin iyununda Fransanın “France 2030” proqramı çərçivəsində orbitə göndərilib. Sınaqlar Fransa Kosmik Agentliyi CNES-in idarə etdiyi ərazidən aparılıb.
Peyk üzərində 5G siqnalının emalı, millimetr dalğalarla məlumat ötürülməsi və eyni tezlik resursundan növbəli şəkildə məlumat göndərib qəbul etməyə imkan verən xüsusi texnologiya birləşdirilib.
Əsas çətinlik peykin Yer səthindən yüzlərlə kilometr yüksəklikdə böyük sürətlə hərəkət etməsi olub. Buna görə mühəndislər siqnal gecikməsini, Doppler effektini və peyklə yerüstü avadanlıqların dəqiq sinxronizasiyasını nəzərə almalı olublar.
Sınaqların sonunda yerüstü cihaz adi 5G abunəçisi kimi peyk şəbəkəsinə qoşulub. Şirkət bildirir ki, bu texnologiyanın hazırlanması cəmi iki il çəkib.
"Univity"nin rəhbəri Çarlz Delfi hesab edir ki, bu uğur gələcəkdə 5G şəbəkələrinin kosmosa genişləndirilməsinə yol aça bilər. Beləliklə, peyklər yerüstü mobil şəbəkələrin bir növ “davamı”na çevrilə bilər.
Türkan İsgəndərli