Köhnə malikanənin "sakini" olan mumiyanın sirri açıldı
Dünya
30.04.2026 18:30
Böyük Britaniyada tərk edilmiş malikanədə aşkar edilən mumiyalanmış cəsədin şəxsiyyəti müəyyənləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru"da məqalə dərc olunub.
Məlumata görə, 2010-cu ildə tərk edilmiş bir malikanənin zirzəmisində tapılan cəsəd uzun müddət kimliyi naməlum qalmışdı. İstintaq qonşuların şikayətindən sonra başlayıb — onlar köhnə evdən pis qoxu gəldiyini bildiriblər. Polis əməkdaşları qonşu bağdan keçərək əraziyə daxil olub və qoxunun gəldiyi zirzəmiyə enərək mumiyalanmış cəsədi aşkar ediblər. Qalıqların vəziyyəti o qədər ağır olub ki, bəzi polis əməkdaşları özlərini pis hiss ediblər.
On altı il sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, cəsəd irlandiyalı inşaatçı Frank adlı şəxsə məxsusdur. O, evin bir hissəsini malikanənin sahibi Nikol Halbritterdən kirayə götürmüşdü.
Məlumata əsasən, Halbritter əvvəllər bu malikanədə anası ilə yaşayırdı. Anası 2008-ci ildə vəfat etdikdən sonra o, evə marağını itirib, başqa yerə köçüb və evi baxımsız qoyaraq otaqları ayrı-ayrılıqda kirayəyə verib. Ehtimal edilir ki, o, kirayəçinin vəziyyətindən xəbərsiz olub və buna görə də hadisə barədə vaxtında məlumat verməyib.
Zamanla ev tamamilə baxımsız vəziyyətə düşüb. Həyətdə invaziv bitki olan yapon düyün otu yayılıb, su boruları partlayıb, ərazidə siçovullar və tülkülər çoxalıb. Qonşular dəfələrlə ev sahibindən şikayət etsələr də, o, evi qaydaya salmaqdan yayınmağa çalışıb.
Qeyd edilib ki, 2026-cı ildə yerli qurumlar tərəfindən ona ərazini təmizləmək üçün yenidən xəbərdarlıq edilib. Bildirilib ki, əgər bunu özü etməzsə, bələdiyyə təmizlik işlərini həyata keçirəcək və xərcləri ondan tələb edəcək.
Jalə Rövşən
tag: Mumiya ,Britaniya ,Malikanə ,Sirr ,Todaypress.tv,
