Kiyev Moskva ilə barışığa “hə” dedi? Uitkoffdan ümidverici AÇIQLAMA
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva ilə Kiyev arasında aparılan dialoqda ciddi irəliləyiş əldə olunduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Uitkoffun sözlərinə görə, Prezident Donald Trampın göstərişi ilə ABŞ nümayəndələri Rusiya və Ukraynaya səfər edərək müharibənin dayandırılması məqsədilə tərəflər arasında dialoqun davam etdirilməsinə yardım göstəriblər.
Səfərdən əvvəl Rusiya və Ukrayna danışıqların keçirilməsinə şərait yaratmaq üçün üç günlük atəşkəs rejiminə dair razılığa gəlib.
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, həmçinin Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Görüşlər zamanı tərəflərin bir-birinə təqdim etdiyi təkliflər müzakirə olunub.
Kiyevdə keçirilən görüşlərə Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri də qoşulub. Məqsəd danışıqların davam etdirilməsi üçün növbəti yol xəritəsini müəyyənləşdirmək olub.
Uitkoff bildirib ki, danışıqlar zamanı, o cümlədən əlavə üçtərəfli görüşlərin təşkili ilə bağlı növbəti addımların müəyyənləşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.
“Prezident Tramp insanların həlak olmasının qarşısını almaq və uzunmüddətli, davamlı sülhə nail olmaq üçün böyük səylər göstərir”, - deyə xüsusi nümayəndə qeyd edib.
Kübra Musayeva