İtaliya İsrail nazirinə qarşı sanksiya tələb etdi

Dünya

21.05.2026 18:25

İtaliya Baş nazirinin müavini və Xarici İşlər Naziri Antonio Tayani Avropa İttifaqından (Aİ) İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiq olunmasını rəsmən tələb etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Tayani "X" sosial şəbəkə platformasında yazıb.

Qeyd edək ki, israilli nazir Ben-Qvirin sosial şəbəkə platformalarında paylaşdığı, "Qlobal Sumud Flotiliyası" fəallarını aşağılayan və onlara qarşı pis rəftarı əks etdirən görüntülərin İtaliyadakı əks-sədası davam edir.

"İtaliya hökuməti adından, Aİ Xarici İşlər Nazirlərinin növbəti iclasında İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvirə qarşı sanksiyaların gündəmə gətirilməsini Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallasdan rəsmən tələb etdim. Bu tələb flotiliyaya qarşı həyata keçirilən qəbuledilməz hərəkətlərə görə edilib. Bura fəalların beynəlxalq sularda saxlanılması, təzyiq və alçaldıcı rəftara məruz qoyulması, həmçinin ən fundamental insan hüquqlarının pozulması daxildir".

Aysel Mətləb

TodayPress TV

tag: İtaliya ,Antonio Tayani,Avropa ,TodayPress TV,