İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlandı – TƏHLÜKƏ

Dünya

17.04.2026 19:30

Uzun illərdir ağcaqanadlardan azad yeganə ölkə sayılan İslandiya 2025-ci ildə bu üstünlüyünü itirib. Həşəratlar ilk dəfə paytaxt Reykyavik yaxınlığında müşahidə olunub.

TodayPress TV xəbər verir ki, araşdırma "Science" jurnalında dərc edilib.

Alimlər bunu iqlim dəyişikliklərinin əlaməti kimi qiymətləndirirlər. Tədqiqatçılar bildirir ki, Arktika bölgəsi planetin digər hissələrindən təxminən dörd dəfə daha sürətlə istiləşir. Bu isə qarın tez əriməsinə, yay mövsümünün uzanmasına və meşə yanğınlarının artmasına səbəb olur. Belə şərait həşəratların çoxalması üçün əlverişlidir.

Mütəxəssislər qeyd edirlər ki, ağcaqanadlar bu dəyişikliklərin yalnız bir nümunəsidir. Arktikada yaşayan müxtəlif həşəratlar və digər xırda canlılar ekosistemdə mühüm rol oynayır: bitkiləri tozlandırır, üzvi maddələri parçalayır və heyvanlar üçün qida mənbəyi yaradır.

Artıq dəyişikliklərin təsiri heyvanlarda da hiss olunur. Məsələn, bəzi quşlar balalarının çıxması ilə qidalandıqları həşəratların ortaya çıxması arasında uyğunluğu itirir. Şimal maralları isə qansoran həşəratların və parazitlərin artmasından əziyyət çəkir.

Alimlər xəbərdarlıq edirlər ki, həşərat zərərvericilərinin yayılması tundra bitkilərinə zərər verə, torpağın temperaturunu dəyişdirə və buzlaqların daha sürətlə əriməsinə səbəb ola bilər. Bu da istixana qazlarının artmasına gətirib çıxarır.

Tədqiqatçılar bildirirlərki, bu proseslər yalnız başlanğıcdır və vəziyyət insan fəaliyyətinin – turizm, gəmiçilik və infrastrukturun genişlənməsi ilə daha da ağırlaşa bilər. Onların fikrincə, ağcaqanadların İslandiyada görünməsi daha böyük dəyişikliklərin xəbərçisidir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ağcaqanad,İslandiya,Həşərat,Təhlükə,Todaypress.tv,