İran gizli hazırlığa başladı: Yeraltı raket istehsalı yenidən başladı
İran ABŞ və İsrailin müharibə zamanı raket infrastrukturuna endirdiyi zərbələrə baxmayaraq, ballistik raket istehsalını yenidən bərpa edib.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, İran mövcud ehtiyat komponentlərindən istifadə etməklə yeraltı obyektlərdə həm maye, həm də bərk yanacaqlı raketlər yığır.
Məlumata görə, Xocir raket kompleksi də daxil olmaqla bir neçə yeraltı ərazidə istehsal prosesi aparılır. Tehran eyni zamanda gələcək hücumlardan qorunmaq məqsədilə yeni yeraltı yığım sahələri inşa edir.
İstehsalın həcmi müharibədən əvvəlki dövrlə müqayisədə daha aşağı olaraq qalır və əsasən əvvəldən toplanmış komponentlərdən asılıdır.
ABŞ rəsmilərindən biri İranın əlində ən azı bir neçə yüz raket yığmağa kifayət edəcək ehtiyat hissələrinin ola biləcəyini bildirib. Məlumata görə, Tehran atəşkəsin davamlı olmayacağını düşünərək iyun ayında ABŞ Prezidenti Donald Trampla ilkin razılaşmadan sonra məhdud istehsalı bərpa edib.
WSJ-nin yazdığına görə, bu proses İranın raket imkanlarını yenidən bərpa etmək cəhdlərini davam etdirdiyini göstərir.
Kübra Musayeva