İran ABŞ ilə bağlı bəyanat yaydı
Dünya
16.01.2026 15:59
ABŞ Prezidentinin İran xalqına qarşı “Maksimum təzyiq” siyasətinin bərpası ilə bağlı 2025-ci il 4 fevral tarixində imzaladığı Milli Təhlükəsizlik Memorandumu Tehranın kəskin reaksiyasına səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumat vərəqəsində bildirilir.
Qeyd olunur ki, İran bu addımı düşmənçilik xarakterli və beynəlxalq hüquqa zidd hesab edir. “Maksimum təzyiq” siyasəti əslində heç vaxt dayandırılmayıb və ABŞ əvvəlki illərdə tətbiq etdiyi sanksiyaların heç birini ləğv etməyib.
Sənəddə vurğulanır ki, ABŞ administrasiyasının eyni vaxtda həm təzyiqi artırması, həm də dialoq istədiyini bəyan etməsi Vaşinqtonun İrana qarşı uzun illərdir davam edən siyasətinin davamıdır.
İran diplomatik həll yollarına sadiq qalsa da, təzyiq və hədə-qorxu altında danışıqları məntiqli hesab etmir.
Tehran xatırladıb ki, ABŞ 2018-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş nüvə sazişindən (JCPOA) birtərəfli qaydada çıxıb və bununla da razılaşmanın faktiki pozulmasına səbəb olub.
İran Xarici İşlər Nazirliyi bəyan edir ki, ölkə regionda sülh və sabitliyi dəstəkləyir, lakin milli təhlükəsizliyinə qarşı istənilən təhdidə qətiyyətlə və adekvat şəkildə cavab veriləcək.
Sənəddə həmçinin vurğulanır ki, İran kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yaradılmasını dini və strateji baxımdan qadağan hesab edir və bu mövqeyə sadiq qalır.
Qiymət Mahir
tag: İran,ABŞ,Bəyanat,Reaksiya,Todaypress.tv,
