İlon Mask ABŞ-nin növbəti prezidentinin adını açıqladı

Dünya

03.12.2025 15:30

Milyarder İlon Mask ABŞ-də növbəti 12 ilin Tramp–Vens tandeminin təsiri altında keçəcəyini proqnozlaşdırıb.

TodayPress TV “Politico”ya istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının üzvləri üçün çıxış edən Mask bildirib ki, Donald Trampın ikinci prezidentlik müddəti 2028-ci ildə bitdikdən sonra ölkəyə indiki vitse-prezident C.D. Vensin rəhbərliyi altında iki prezidentlik dövrü gözlənilir.

Maskın açıqlaması Respublikaçılar Partiyasının gələcəyi ilə bağlı davam edən daxili müzakirələr fonunda səslənib. Vens 2028-ci il üçün əsas namizədlərdən biri hesab edilsə də, sorğular göstərir ki, o, Donald Trampın oğlu ilə fərqi tədricən azaldır. Eyni zamanda, hazırkı prezident Donald Tramp Konstitusiyanın qadağasına baxmayaraq üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalını vaxtaşırı gündəmə gətirir. Politoloqlar bunu daha çox siyasi manevr və partiya daxilində təzyiq vasitəsi kimi dəyərləndirirlər.

Vens isə hələlik prezidentlik ambisiyalarını açıq şəkildə dilə gətirmir. O bildirib ki, diqqəti hazırkı vitse-prezidentlik vəzifəsinə yönəlib və gələcək planlarını 2026-cı il ara seçkilərindən sonra Tramp ilə müzakirə edəcək.

Maskın bu bəyanatı onun Tramp ilə münasibətlərində yeni gərginlik mərhələsi kimi qiymətləndirilir.

Xatırladaq ki, 2024-cü il seçki kampaniyasında Trampın ən böyük donorlarından biri olan Mask, sonradan Ağ Evi tərk etmiş, bir müddət prezidentin bəzi qərarlarını tənqid etmiş, daha sonra yenidən ona dəstək mesajları vermişdi.

Jalə Rövşən

TodayPress TV

tag: İlon Mask , Donald Tramp,C.D. Vens,ABŞ,Todaypress.tv,