Göydən gələn təhlükəyə qarşı İrlandiyanın 500 milyon avroluq planı
İrlandiya hökuməti Fransa silah istehsalçısı ilə dəyəri 300 milyon avrodan 500 milyon avroyadək olan ilkin radiolokasiya kompleksi və hava hücumundan müdafiə sistemlərinin qurulması üçün sifariş imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Journal" qəzeti məlumat yayıb.
Bildirilib ki, avadanlıqların alınması üçün rəsmi sifariş Fransa Silahlı Qüvvələr Nazirliyinin Silahlanma üzrə Baş Direktorluğunun iştirakı ilə yerləşdirilib.
Nəşrin mənbələrinin məlumatına görə, rəsmi olaraq sentyabrın 18-də elan edilə biləcək layihə çərçivəsində "Thales" şirkətinin istehsalı olan beş ədəd uzaqmənzilli mobil radiolokasiya sistemi tədarük olunacaq. Bura, həmçinin "MBDA" şirkətinin təmin edəcəyi yerüstü hava hücumundan müdafiə sistemləri də daxildir.
Bundan əlavə, növbəti mərhələdə hökumət dəniz radiolokasiya sistemləri də ala bilər.
Məlumatına əsasən, yaxınlaşan təhlükələri zərərsizləşdirmək üçün silahlar da daxil olmaqla, hava hücumundan müdafiə vasitələrinin çatdırılması artıq başlayıb və 2029-cu ilə qədər davam edəcək. Çərçivə daxilində "Fianna" əməliyyatı zamanı istifadə edilən, pilotsuz uçuş aparatlarına qarşı mübarizə texnologiyaları və sistemləri artıq tətbiq olunur.
Aysel Mətləb