“Formula-1”də final gərginliyi: Yaxın Şərq yarışları baş tutacaq, ya yox?
Mövsümün Qətər və Əbu-Dabidə keçirilməsi planlaşdırılan son iki mərhələsinin taleyi qeyri-müəyyən olaraq qalır.
TodayPress TV “Sky Sports F1”ə istinadən xəbər verir ki, “Formula-1” rəhbərliyi mövsümün finalı ilə bağlı yekun qərarı mümkün qədər son ana qədər təxirə salacaq.
Bildirilir ki, Qətər və Əbu-Dabi hələ də bu ilin təqvimində qalır. Yarışları orada təşkil etmək üçün aydın bir niyyət var. Hətta qərarın bu ayın ortalarında və ya sonunda verilməsi də məcburi deyil. “Formula-1”in mövqeyini müəyyənləşdirmək üçün daha çox vaxtı var.
Məlumata görə, hər iki yarış ləğv olunacağı təqdirdə mövsüm İmolada başa çatdırıla bilər. Bununla belə, yekun qərar kifayət qədər gec açıqlana bilər. Əgər Qətər və Əbu-Dabi mərhələlərini təşkil etmək mümkün olarsa, “Formula-1” mümkün yarışa hazırlıqla bağlı İmolanın çəkdiyi xərcləri kompensasiya etməyə hazırdır.
Namiq HUN