Azərbaycan və Türkiyə nümayəndələrinin mühüm görüşündə nələr müzakirə olunub?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Türkiyənin nüfuzlu düşüncə və iş dünyası qurumlarını təmsil edən Türkiyə İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzi (TESAM) və Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) nümayəndə heyəti ilə görüşüb.
TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan–Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin yaratdığı geniş imkanlar fonunda vətəndaş cəmiyyəti, elmi-analitik mərkəzlər və iş dünyası arasında əlaqələrin inkişafı, habelə Türk dünyası miqyasında institusional əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Komitə sədri Fazil Mustafa bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi ictimai institutlar arasında daha sistemli və nəticəyönümlü əməkdaşlıq üçün əlverişli zəmin yaradır. O, dövlətlərarası münasibətlərlə yanaşı, QHT-lərin, düşüncə mərkəzlərinin, elmi dairələrin, iş dünyasının qarşılıqlı əlaqələrinin genişlənməsinin xalqlarımız arasındakı bağların daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Fazil Mustafa Türk dünyasında inteqrasiya proseslərinin siyasi və iqtisadi müstəvidə olduğu kimi, ictimai fikir, elm, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində də dəstəklənməsinin önəminə toxunub. Komitə sədri ortaq dəyərlərə əsaslanan təşəbbüslərin konkret layihələrə çevrilməsi, özəlliklə gənclərin, tədqiqatçıların və QHT nümayəndələrinin bu proseslərə daha fəal cəlb edilməsinin önəmini qeyd edib.
TESAM sədri Dr. İlyas Bozkurt rəhbərlik etdiyi qurumun fəaliyyətindəki yeniliklər, həyata keçirilən elmi-akademik araşdırmalar, beynəlxalq konqreslər və nəşrlər barədə məlumat verib. O, Azərbaycanla əməkdaşlığın TESAM üçün xüsusi önəm daşıdığını, iki ölkənin elmi və intellektual potensialının ortaq strateji mövzular ətrafında daha sıx əlaqələndirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Dr. İlyas Bozkurt həmçinin Türkiyə və Azərbaycan iş dünyası arasında əlaqələrin genişləndirilməsi, sahibkarların qarşılıqlı təşəbbüslərinin təşviqi, yatırım və istehsal əməkdaşlığının inkişaf etdirilməsi barədə də fikirlərini bölüşüb. O, iqtisadi əməkdaşlığın ictimai və elmi təşəbbüslərlə tamamlanmasının dayanıqlı əlaqələr baxımından əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı TESAM-ın elmi-analitik potensialı ilə TESİAD-ın iş dünyasındakı imkanlarının Azərbaycan tərəfinin uyğun ictimai institutları ilə əməkdaşlıq çərçivəsində uzlaşdırılması, ortaq konfrans, forum, araşdırma və maarifləndirici layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə edilib.
Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı coğrafiyasında vətəndaş cəmiyyəti və düşüncə mərkəzləri arasında üfüqi bağların genişləndirilməsi, ortaq problemlər üzrə elmi-analitik məhsulların hazırlanması, gənc mütəxəssislər arasında təcrübə mübadiləsinin təşviqi və Azərbaycan–Türkiyə əməkdaşlığının Türk dünyasına açılan yeni təşəbbüslərlə zənginləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə TESAM sədr müavini Dr. Yıldırım Dəniz, TESAM və TESİAD-ın ölkə xarici şöbələrə məsul sədr müavini Talha Zeytinci, TESİAD Antalya bölgə başqanı Yaqub Mərmər, TESAM və TESİAD-ın Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə iştirak edib.
Sonda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təmasların davam etdirilməsi, konkret əməkdaşlıq təşəbbüslərinin nəzərdən keçirilməsi və Azərbaycan–Türkiyə vətəndaş cəmiyyəti əlaqələrinin Türk dünyası miqyasında daha geniş platformalara daşınmasının faydalı olacağı bildirilib.