Fransa 10 illərlə Ermənistanda qalacağı strateji sazişə imza atacaq
Dünya
17.04.2026 13:00
Ermənistan və Fransa mayın 4-5-də İrəvanda Strateji Tərəfdaşlıq Sazişi imzalaması planlaşdırılır. İmzalanma mərasimi Fransa Prezidenti Emmanuel Makronun rəsmi səfəri çərçivəsində keçiriləcək.
TodayPress TV -nin məlumatına görə, sazişin imzalanması iki böyük beynəlxalq tədbirlə üst-üstə düşür:
Birincisi, 8-ci Avropa Siyasi Birliyi Zirvə Görüşü (4 may 2026), ikincisi Ermənistan-Avropa İttifaqı sammiti (4-5 may 2026).
Mənbələrin verdiyi məlumata görə, saziş mövcud əməkdaşlığı rəsmiləşdirmək və uzunmüddətli institutlaşdırmaq məqsədi daşıyır. Sənəd müdafiə, infrastruktur, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində dərin əməkdaşlığı nəzərdə tutur.
Xüsusilə müdafiə komponenti diqqət çəkir. Saziş 2026-cı ildə imzalanmış Müdafiə Əməkdaşlığı Planına əsaslanacaq və Ermənistan Silahlı Qüvvələrinin demək olar ki, bütün sahələrində əməkdaşlığı əhatə edəcək. Bu çərçivədə silahlı qüvvələrin modernləşdirilməsi, peşəkar təlim və digər hərbi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Ermənistan tərəfi bu sazişi “strateji tərəfdaşlığın yeni mərhələsi” kimi qiymətləndirir. Rəsmi İrəvan sənədin ölkənin təhlükəsizliyi və Avropaya inteqrasiyası baxımından mühüm addım olduğunu bildirir.
Hazırda sazişin tam mətni açıqlanmayıb. İmzalama mərasiminin dəqiq tarixi və iştirakçılarla bağlı son məlumatlar yaxın günlərdə bəlli olacaq.
Jalə Rövşən
tag: Ermənistan ,Fransa ,Strateji Tərəfdaşlıq Sazişi ,Emmanuel Makron,Todaypress.tv,
