Ərdoğan Trampla telefon danışığı apardı - Nələr müzakirə edilib?

Dünya

20.05.2026 22:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan danışıq zamanı bölgədəki münaqişə prosesində atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirdiyini, mübahisəli məsələlərdə ağlabatan həll yolunun tapılmasının mümkünlüyünə inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini vurğulayıb.

Suriyada sabitlik mühitinin möhkəmlənməsinin bütün region üçün mühüm nailiyyət olduğunu qeyd edən prezident, Türkiyənin Suriyaya yönəlmiş dəstəyinin fasiləsiz davam edəcəyini, həmçinin Livandakı vəziyyətin pisləşməsinin qarşısının alınmasının vacibliyini bildirib.

Türkiyə lideri NATO-nun Ankara Sammitinə hazırlıqların davam etdiyini və Sammitin hər baxımdan uğurlu keçməsi üçün maksimum səy göstərdiklərini ifadə edib.

O, həmçinin ABŞ-nin San-Dieqo şəhərindəki məscidə təşkil edilən mənfur hücumla bağlı ABŞ Prezidenti Trampa başsağlığı verib və Türkiyənin hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinə qəti şəkildə qarşı olduğunu diqqətə çatdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə ,Ərdoğan ,Tramp ,ABŞ ,TodayPress TV,