Cənubi Koreyaya gedən neft tankeri Hörmüz boğazını keçdi

Dünya

20.05.2026 20:00

Cənubi Koreyaya gedən neft tankeri ABŞ-İran gərginliyi başlayandan sonra ilk dəfə Hörmüz boğazından təhlükəsiz keçib.

TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap News Agency" ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Seul rəsmiləri bildiriblər ki, tanker artıq “təhlükəli suları” tərk edib və marşrutu üzrə hərəkətini davam etdirir. Keçidin Cənubi Koreya ilə İran arasında aparılan məsləhətləşmələr nəticəsində mümkün olduğu qeyd olunub.

Xatırladaq ki, mayın 4-də Panama bayrağı altında üzən və Koreya tərəfindən idarə olunan “Namu” tankerində Hörmüz boğazında partlayış və yanğın baş vermişdi. Hadisə zamanı gəmidə olan 24 heyət üzvündən heç biri xəsarət almamışdı.

Daha sonra tanker Birləşmiş Ərəb Əmirliklərindəki limanlardan birinə aparılıb. Hadisəni araşdırmaq üçün bölgəyə yeddi nəfərlik Cənubi Koreya mütəxəssis qrupu göndərilib.

ABŞ Prezidenti Donald Tramp “Namu” tankerinin İran tərəfindən vurulduğunu iddia etmiş və Seulu Hörmüz boğazında ticarət gəmilərinin qorunması məqsədilə “Azadlıq Əməliyyatı” missiyasına qoşulmağa çağırmışdı.

İranın Seuldakı səfirliyi isə hadisədə İran silahlı qüvvələrinin iştirak etmədiyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cənubi Koreya,ABŞ,Hörmüz,Boğaz,Todaypress.tv,