Çantanı 63 il əvvəl buzlağa atmışdı: 86 yaşında geri aldı
Avstriyada buzlağın əriməsi nəticəsində 60 ildən çox əvvəl itirilmiş alpinist çantası və avadanlıqları tapılıb. Əşyaların sahibi isə artıq 86 yaşındadır.
TodayPress TV xəbər verir ki, “Guardian”ın yazdığına görə, hadisə Avstriyanın Tirol bölgəsində, dəniz səviyyəsindən 2 955 metr yüksəklikdə yerləşən Zülztalferner buzlağında baş verib. Bu ilin iyulunda turist buzlaqda 1950-1960-cı illərə aid bel çantası, buz baltası, fotoaparat və tütün çubuğu da daxil olmaqla bir sıra əşyalar aşkarlayıb.
Polis çantadan çıxan ciddi şəkildə köhnəlmiş sənədlər vasitəsilə onun sahibinin kimliyini müəyyənləşdirib və 86 yaşlı alpinisti tapıb.
Məlum olub ki, kişi 1963-cü ilin avqustunda dostları ilə buzlağı keçərkən yarığa düşüb. Qrup üzvləri iplə bir-birinə bağlandığından dostları onu yarıqdan çıxara biliblər. Lakin çəkisini azaltmaq üçün alpinist bel çantasını çıxararaq yarığa atıb.
Aradan 63 il keçdikdən sonra həmin çanta və içindəki avadanlıqlar buzlağın əriməsi nəticəsində üzə çıxıb.
Polisin məlumatına görə, 86 yaşlı kişi səhhəti səbəbindən əşyaları özü götürə bilməyib. Buna görə tapılan avadanlıqlar onun oğluna təhvil verilib və beləliklə, alpinist illər əvvəl itirdiyi əşyalarına qovuşub.
Alimlərin fikrincə, əsasən insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə Avropadakı buzlaqların sürətlə əriməsinə gətirib çıxarır. Bu proses nəticəsində son illərdə buzlaqların altında qalmış qədim əşyalar, insan qalıqları və müxtəlif tarixi izlər üzə çıxır.
Kübra Musayeva