Ankara Afinanın Egey qərarına “yox” dedi

Ankara Afinanın Egey qərarına “yox” dedi
29.08.2026 00:30 Dünya

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın Egey dənizini də əhatə edən "Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi" ilə bağlı açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçəli "X" hesabında etdiyi paylaşımda məlumat yayıb.

Bildirilib ki, avqustun 28-də Yunanıstan tərəfindən elan edilən çərçivə sənədi Türkiyə üçün heç bir hüquqi nəticə doğurmayacaq.

"Yunanıstan tərəfindən bu gün Egey dənizini də əhatə edəcək şəkildə elan edilən Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi, aidiyyəti beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi formasiya və ərazilər də daxil olmaqla, iki ölkə arasındakı bir-biri ilə əlaqəli Egey problemləri kontekstində ölkəmiz üçün heç bir hüquqi nəticə doğurmayacaq", - deyə açıqlamada qeyd olunub.

Türkiyə XİN sözçüsü vurğulayıb ki, Ankara 7 dekabr 2023-cü il tarixli Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsinə uyğun yanaşmanın tətbiq edilməsinin tərəfdarı olaraq qalır.

"Türkiyə olaraq bu mövqeyimizi qoruduğumuzu və Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğumuzu bir daha vurğulayırıq", - deyə bildirilib.

Qeyd edək ki, Yunanıstanın bu gün elan etdiyi "Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi" sənaye və logistika sektorunun müasirləşdirilməsi, yaşıl texnologiyaların və strateji investisiyaların dəstəklənməsi, həmçinin sənaye və logistika fəaliyyətləri üçün xüsusi zonaların müəyyənləşdirilməsini nəzərdə tutur. Sənəddə sahil və dəniz əraziləri də daxil olmaqla sənaye və təchizat zəncirinin yerləşdirilməsi üçün məkanların müəyyənləşdirilməsi planlaşdırılır.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər