Altımərtəbəli bina boyda asteroid Aya çırpıldı
Ayın səthində diametri təxminən 222 metr, dərinliyi isə 43 metr olan yeni krater aşkarlanıb. Kraterin ölçüsü təxminən iki futbol meydanının uzunluğuna bərabərdir.
TodayPress TV xəbər verir ki, araşdırmaçıların sözlərinə görə, bu, Günəş sistemində indiyədək aşkar edilmiş ən böyük yeni kraterdir. Belə miqyaslı hadisənin orta hesabla yalnız 132 ildən bir baş verdiyi bildirilir.
Krater NASA-nın Lunar Reconnaissance Orbiter (LRO) kosmik aparatı tərəfindən çəkilmiş görüntülər əsasında müəyyən edilib. NASA-nın məlumatına görə, kəşf 2024-cü ilin mayında alim Robert Vaqnerin Ayın böyük xəritəsini araşdırarkən səthdə qeyri-adi parlaq ləkə görməsi ilə başlayıb.
Mütəxəssislər müəyyən ediblər ki, krater 11 aprel–22 may 2024-cü il tarixləri arasında Ayın şərq kənarında kometa və ya asteroidin təxminən altımərtəbəli bina ölçüsündə olan parçasının səthə çırpılması nəticəsində yaranıb.
Kraterə Ay və Planet İnstitutunun mərhum direktoru Tomas MakGetçinin adı verilib. Onun ölçüsünün LRO tərəfindən təxminən 10 il əvvəl aşkarlanmış əvvəlki rekord kraterdən üç dəfə böyük olduğu qeyd edilir.
Zərbə anı nə Yer üzündəki teleskoplar, nə də kosmik aparat tərəfindən real vaxtda qeydə alınıb. LRO-nun geniş bucaqlı görüntülərindəki krater yalnız 2025-ci ilin avqustunda, böyük məlumat bazasının təhlili zamanı aşkar edilib. Daha detallı görüntülər isə sonrakı mərhələdə əldə olunub və kəşf bu ilin əvvəlində təsdiqlənib.
Alimlərin hesablamalarına görə, zərbə Ay səthində 100 kilometrdən çox ərazini silkələyib. Kraterin ətrafında təxminən 6,4 kilometr genişliyində daha soyuq sahə də müəyyən edilib. Bunun zərbə nəticəsində Ay torpağının üst qatının boşalması və istiliyi daha zəif saxlaması ilə əlaqəli olduğu bildirilir.
Tədqiqatçılar vurğulayırlar ki, bu hadisə kosmik cisimlərin Ay səthinə təsirinin yalnız kraterin öz ətrafı ilə məhdudlaşmadığını göstərir.
LRO-nun 2009-cu ildən bəri apardığı müşahidələr Ay torpağının üst təbəqəsinin kosmik zərbələr nəticəsində əvvəlki düşünüləndən daha sürətlə qarışdığını da göstərib. Alimlərin hesablamalarına əsasən, təxminən 2,5 santimetr qalınlığındakı üst qat 80 min ildən bir tamamilə qarışır. Bu isə vaxt keçdikcə “Apollo” missiyalarının astronavtlarının Ay səthində buraxdığı izlərin də yox olacağı anlamına gəlir.
Alimlər üçün növbəti əsas suallardan biri isə yeni kraterin yaranması zamanı kosmosa atılan süxur və toz parçalarının NASA-nın gələcəkdə Ayın cənub qütbündə qurmağı planlaşdırdığı bazaya düşmə riskinin hesablanmasıdır.
Kübra Musayeva