İmmiqrantlar olmadan Almaniya ayaqda qala bilməz?
Almaniya Kansleri Fridrix Merts immiqrantların AFR-in əmək bazarı üçün əvəzolunmaz olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Xristian-Demokrat İttifaqının Berlin bölməsinin seçkiqabağı tədbirində çıxış edərkən deyib.
Merts vurğulayıb ki, Almaniya immiqrasiya ölkəsi olub və olaraq qalır:
"Bu insanlar Almaniyada bizə lazımdır, onlar artıq bu gün bizim əmək bazarımızda əvəzolunmazdırlar".
Kanslerin sözlərinə görə, Almaniyada yaşayan, işləyən və cəmiyyətə inteqrasiya olunmuş immiqrantlar olmasa, artıq heç bir xəstəxana, qocalar evi, tikinti sahəsi, restoran və ya otel fəaliyyət göstərə bilməzdi.
O əlavə edib ki, qaydalara əməl etməyənlər ölkəni tərk etməlidirlər.
Eyni zamanda, kansler irqçiliyə və antisemitizmə qarşı birgə mübarizə aparmağa çağırıb:
"Biz Almaniyada və ya Berlində əcnəbilər arasında cinayətkarlığın və yəhudilərə nifrətin adi hala çevrilməsinə yol verməməliyik. Bu ölkə özünü belə hallardan qorumalıdır".
Aysel Mətləb