Almaniyanın keçmiş kansleri nasist simvolları ilə təhqir edildi

Dünya

19.01.2026 16:06

Almaniyanın keçmiş kansleri Helmut Şmidt və həyat yoldaşı Lokinin məzarı naməlum şəxslər tərəfindən təhqir edilib. 

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Belə ki, hadisə Hamburqdakı Ohlsdorf qəbiristanlığında baş verib. Yanvarın 18-də məzar daşının üzərində narıncı rənglə çəkilmiş dörd svastika aşkar edilib. Polis araşdırmasından sonra boya məzar daşından təmizlənib.

Hamburq polisinin vəziyyət mərkəzinin nümayəndəsi bildirib ki, hadisənin siyasi motivli cinayət olduğu ehtimal edilir və istintaq Dövlət Mühafizə Bölməsinə verilib.

Keçmiş kanslerin qızı Syuzan və Şmidt fondlarının nümayəndələri hadisəni mənasız vandalizm kimi qiymətləndiriblər. Onlar bildiriblər ki, bu addım azadlıq, demokratiya və xalqlar arasında qarşılıqlı anlaşma uğrunda mübarizə aparan insanların xatirəsinə qarşı yönəlib.

Qeyd edək ki, bu, Helmut Şmidtin məzarına qarşı ilk təhqir hadisəsi deyil. 2023-cü ilin Milad bayramı ərəfəsində də oxşar hal qeydə alınıb.

Jalə Rövşən

TodayPress TV

tag: Almaniya ,Helmut Şmidt,Təhqir ,Ohlsdorf qəbiristanlığı,Todaypress.tv,