“Qarabağ”da dəyişikliklər gözlənilir – Qurbanov çatışmazlıqları açıqladı

“Qarabağ”da dəyişikliklər gözlənilir – Qurbanov çatışmazlıqları açıqladı
31.10.2026 21:40 İdman

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri qarşılaşmanı dəyərləndirib.

TodayPress TV xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qələbə qazanmaq istədiklərini, lakin buna nail ola bilmədiklərini bildirib:

“Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, qələbəyə çox istəkli və əks-hücumlarda sürətli oynayan kollektiv var idi. Çempionat göstərir ki, hər oyuna maksimum səviyyədə hazırlaşmalıyıq. Pozitiv düşünərək qarşıdakı matçlara hazırlaşacağıq”.

Qurbanov ilk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında yaşanan mübahisəyə də münasibət bildirib. Baş məşqçi hadisəni hələ tam araşdırmadığını, lakin hər iki futbolçunun cəzalandırılacağını vurğulayıb:

“Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir”.

Artıq 18 ildir “Qarabağ”a rəhbərlik edən Qurbanov heyətdə əvvəllər də ciddi dəyişikliklərin baş verdiyini, lakin budəfəki yenilənmə prosesində müəyyən çətinliklərlə üzləşdiklərini söyləyib:

“Futbol elə oyundur ki, burada daim dəyişikliklər baş verir. Bəzən birdən-birə böyük dəyişikliklər planlarımızın həyata keçməsinə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə məqamı qeyd etmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun nümayiş etdirə bilər. Bu da çempionatın səviyyəsinin yüksəldiyini göstərir.

Bəlkə də, tam istədiyimiz xüsusiyyətlərə malik futbolçuları heyətə cəlb edə bilmədik. Bəzən oyun sistemini futbolçuların xüsusiyyətlərinə uyğun qurmağa çalışırıq. Amma düşünürəm ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçularımızın potensialı var. Avrokuboklarda mübarizəni dayandırmağımız bizə psixoloji baxımdan təsir etdi. Bəzi futbolçuların zədələnməsi də rotasiya imkanlarımızı azaltdı.

Daha yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var və bunu gizlətmirəm. “Qarabağ”ın əvvəlki kimi olmayacağını düşünmək düzgün deyil. Daha yaxşı olmağa çalışırıq. Alınmasa belə, bu, əllərimizi yanımıza salacağımız demək deyil. Yaxşı nəticələr qazanmaq üçün mübarizə aparırıq”.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər