ABŞ-də məlumat mərkəzləri ilə bağlı 173 milyon dollarlıq reklam mübarizəsi

ABŞ-də məlumat mərkəzləri ilə bağlı 173 milyon dollarlıq reklam mübarizəsi
31.10.2026 23:01 Dünya

ABŞ-də məlumat mərkəzlərinin tikintisi məsələsi seçkiqabağı müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu il keçirilən seçkilər çərçivəsində məlumat mərkəzləri ilə bağlı siyasi reklamlara 173 milyon dollar xərclənib. Reklamların böyük əksəriyyəti isə mənfi xarakter daşıyıb.

TodayPress TV-nin Axios-a istinadən verdiyi məlumata görə, bu barədə siyasi reklamları izləyən AdImpact şirkəti məlumat yayıb.

Məlumata əsasən, demokratlar bu reklamlara 140 milyon dollar, respublikaçılar 28 milyon dollar, müstəqil siyasi qruplar isə 5 milyon dollar xərcləyib. AdImpact şirkəti məlumat mərkəzlərini açıq şəkildə müsbət təqdim edən reklam çarxı müəyyən edə bilmədiyini bildirib.

Ümumi xərclərin yarıdan çoxu, təxminən 95 milyon dollar, sənaye bölgəsi hesab olunan Rust Belt ərazisindəki dörd ştatın payına düşüb. Bunlar Ohayo, Miçiqan, Viskonsin və Pensilvaniyadır. Son prezident seçkilərində bu ştatlardan üçü seçki nəticələrinə təsir edə biləcək rəqabətli bölgələr olub. Ohayoda isə bu il Senata seçkilər keçirilir.

Texasda məlumat mərkəzləri ilə bağlı reklamlara 11 milyon dollardan çox vəsait xərclənib. Bu, ştatlar arasında beşinci ən yüksək göstəricidir. Bazar araşdırmaları ilə məşğul olan Cleanview şirkətinin məlumatına görə, ABŞ-də ən çox məlumat mərkəzinin tikintisi məhz Texasda planlaşdırılır.

Bu infrastrukturun inkişafı Respublikaçılar Partiyasının daxilində də fikir ayrılığına səbəb olur. Prezident Donald Tramp da daxil olmaqla, bir çox respublikaçı süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin yeni iş yerləri yaradacağını, ABŞ-nin Çinlə texnoloji rəqabətdə üstünlüyünü qorumasına kömək edəcəyini bildirir. Bununla yanaşı, Texas qubernatoru Qreq Ebbott da daxil olmaqla, partiyanın bəzi nümayəndələri məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətlər qoyulmasını istəyirlər.

Ohayoda demokratlar məlumat mərkəzləri ilə bağlı reklamlara təxminən 28 milyon dollar xərcləyib. Respublikaçıların bu istiqamətdəki xərcləri isə sıfır olub. Cleanview şirkətinin məlumatına görə, ştatda 80 fəaliyyət göstərən məlumat mərkəzi var, daha 140 mərkəzin tikintisi isə planlaşdırılır.

Pensilvaniyada hazırda 16 məlumat mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, daha 273 mərkəzin tikintisi planlaşdırılır. Bu göstəriciyə görə ştat ölkə üzrə Texas və Virciniyadan sonra üçüncü yerdədir. Pensilvaniya qubernatoru Coş Şapiro 2025-ci ildə süni intellektin inkişafını dəstəklədiyini bəyan etsə də, sonradan sahənin tənzimlənməsi üçün əlavə qaydaların tətbiqini müdafiə etməyə başlayıb.

Məlumat mərkəzləri ilə bağlı müzakirələr yerli seçki kampaniyalarına da təsir göstərir. Belə ki, Filadelfiya ətrafında ştat qanunverici orqanına keçirilən və geniş ictimaiyyətin diqqətini çox cəlb etməyən seçki yarışında reklamlara 4 milyon dollardan çox vəsait xərclənib. Demokratların və respublikaçıların bu istiqamətdəki xərcləri təxminən eyni olub.

Bundan əlavə, Pensilvaniyanın Montqomeri dairəsinin sakinləri ərazidə məlumat mərkəzləri kompleksinin yaradılması planına qarşı çıxıblar. Qeyd edək ki, qubernator Coş Şapiro da həmin dairədə yaşayır.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər