ABŞ-Rusiya-Ukrayna üçtərəfli zirvə görüşü elan edilə bilər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada tərəflərin yeni ideyaları və üçtərəfli görüşün keçirilməsi ehtimalını müzakirə etdiyi danışıqlarda mühüm irəliləyişin olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Uitkoff bu ifadələri işlədib:
"Biz yeni ideyalar eşitdik. Prezident Zelenskinin, yaxın zamanlarda rəsmən elan edə biləcəyimizə ümid etdiyimiz üçtərəfli görüş haqqında danışdığını eşitdiniz. Moskvada bir çox digər vacib və məzmunlu ideyaları müzakirə etdik və onları bura – Kiyevə gətirdik".
O qeyd edib ki, danışıqlar prosesini irəlilətmək üçün avropalı tərəfdaşlarla sıx əməkdaşlıq zəruridir. Bununla əlaqədar olaraq "Avropa üçlüyü" ölkələrinin – Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri, habelə Amerika komandasının digər nümayəndələri Kiyevə gəliblər.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, razılaşmaların əldə olunması üçün hər iki tərəf güzəştlərə getməli olacaq:
"Bunun üçün hər iki tərəf müəyyən güzəştlərə getməli və aralarındakı fikir ayrılıqlarını azaltmalıdır. Hesab edirik ki, bu məqsədə çatmaq üçün zəruri tərkib hissələrinə sahibik".
Aysel Mətləb