ABŞ-nin bombalarının belə çata bilmədiyi obyekt: İranda tikinti sürətləndi
İranda dərin yeraltında yerləşən “Pickaxe Mountain” obyektində tikinti işlərinin sürətləndirildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitikləri peyk görüntülərini təhlil etdikdən sonra bu il obyektin ətrafında tikinti fəaliyyətində “aydın artım” müşahidə edildiyini açıqlayıblar.
Analitiklərin qiymətləndirməsinə görə, qranit süxurlarının altında yerləşən obyekt böyük ehtimalla nüvə fəaliyyəti ilə əlaqəli qorunan infrastrukturun yerləşdirilməsi üçün nəzərdə tutulub. Burada sentrifuqaların yığılması, uranın zənginləşdirilməsi və ya nüvə proqramı ilə əlaqəli digər fəaliyyətlər üçün imkanların yaradılması ehtimal olunur.
Peyk görüntülərinin təhlili ərazidə yollar üzrə hərəkətin artdığını, tunellərin girişlərinin möhkəmləndirildiyini və genişləndirildiyini, həmçinin daxili yolların çəkildiyini göstərib.
CSIS analitikləri hesab edirlər ki, bu fəaliyyətlər tikintinin artıq yalnız tunellərin qazılması və dərinləşdirilməsi mərhələsindən çıxaraq obyektin daxili infrastrukturunun qurulması mərhələsinə keçdiyinə işarə edə bilər.
Obyektin yerin çox dərin qatlarında yerləşdiyi bildirilir. Bu səbəbdən onun adi ən güclü bunkerəleyhinə aviasiya bombaları ilə vurulmasının çətin olduğu qeyd edilir.
CNN-in məlumatına görə, ABŞ-nin obyektə zərbə endirmə ilə bağlı əməliyyat planları mövcuddur. Vaşinqtonun İranın dərin yeraltında yerləşən obyektlərinə qarşı mümkün hücum variantlarını araşdırmağa davam etdiyi bildirilir.
Kübra Musayeva