ABŞ DNTM-ni uzatmamaqla nüvə potensialını artırmaq istəyir

Dünya

05.02.2026 15:23

ABŞ-nin Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini (DNTM) uzatmamaq qərarı Vaşinqtonun öz nüvə potensialını artırmaq niyyəti ilə bağlıdır.

TodayPress TV xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov RT-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ bu sahədə Rusiyadan geri qaldığını anlayır və xüsusilə nüvə başlıqlarının çatdırılması imkanları baxımından Moskvanın üstünlüyünü qəbul edir. Cabarov qeyd edib ki, məhz bu səbəbdən ABŞ DNTM-nin müddətinin uzadılmasına getməyib.

Senator əlavə edib ki, Rusiya vəziyyəti diqqətlə izləyir, lakin eyni zamanda radikal addımlar atmaq niyyətində deyil. O, sağlam düşüncənin nüvə dövlətlərini yenidən dialoqa sövq edəcəyinə ümid etdiyini də vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ da analoji addım atacağı təqdirdə, DNTM-nin müddəti 2026-cı il fevralın 5-də başa çatdıqdan sonra da Rusiyanın bu sazişin şərtlərinə könüllü şəkildə əməl etməyə hazır olduğunu bəyan edib.

Qiymət Mahir

tag: ABŞ,DNTM,Putin ,Rusiya,Todaypress.tv,