ABŞ-Çin sammitindən sonra diqqətlər Tayvana yönəldi: Trampın 14 milyard dollarlıq gizli planı nədir?
Dünya
20.05.2026 20:25
ABŞ Prezidenti Donald Tramp Pekində çinli həmkarı Si Cinpin ilə apardığı danışıqlardan sonra dondurulmuş silah paketi ilə bağlı Tayvan lideri Lay Çinq-te ilə danışmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, Tramp təklif olunan 14 milyard dollarlıq silah satışı ilə bağlı necə bir addım atacağını dəqiqləşdirməsə də, "vəziyyətə tam nəzarət etdiyini" bildirib.
"Onunla danışacağam. Mən hər kəslə danışıram. Biz bu vəziyyətə tam nəzarət edirik. Prezident Si ilə əla görüşümüz oldu. Möhtəşəm idi. Biz bunun — Tayvan probleminin üzərində işləyəcəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, Tayvan üçün nəzərdə tutulan və tərkibinə raketlər ilə hava hücumundan müdafiə sistemlərinin raket-əleyhinə vasitələri daxil olan silah paketi aylardır ki, Dövlət Departamentində dondurulmuş vəziyyətdə qalıb.
Bu məsələnin Trampın Pekində Si Cinpin ilə keçirdiyi ikigünlük sammitdə geniş müzakirə olunacağı gözlənilsə də, danışıqların təklif olunan satışa necə təsir etdiyinə dair hələlik çox az məlumat var.
Çindən qayıdarkən Tramp Tayvana silah satışı sazişini Si Cinpin ilə "çox ətraflı" müzakirə etdiyini etiraf edib, eyni zamanda onun üçün əsas prioritetin növbəti bir müharibənin qarşısını almaq olduğunu vurğulayıb.
"Qərarları mən qəbul edəcəm, lakin hesab edirəm ki, bilirsiniz, hazırda bizə lazım olan ən son şey 9500 mil (təxminən 15 288 km) uzaqlıqda bir müharibənin olmasıdır", - deyə o əlavə edib.
Tayvan Prezidenti Lay Çinq-te isə bildirib ki, Tayvanın gələcəyi xarici qüvvələr tərəfindən müəyyən edilməməli və ya qorxu, parçalanma yaxud qısamüddətli mənfəətlərin girovuna çevrilməməlidir.
O, həmçinin Tayvanın Çin ilə "bərabərlik və ləyaqət prinsipləri əsasında" dialoqa hazır olduğunu bir daha bəyan edib, eyni zamanda ictimai rəyə təsir göstərməyə və demokratik prosesləri sarsıtmağa yönəlmiş "vahid cəbhə" cəhdlərini rədd etdiyini vurğulayıb.
Aysel Mətləb
tag: ABŞ ,Tramp ,Si Cinpin,Tayvan ,TodayPress TV,
