ABŞ Cənubi Afrikanı G20-dən “sildi”, Rusiya ayağa qalxdı
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-nin təqsiri üzündən Cənubi Afrika Respublikasının qarşıdakı G20 sammitində iştirakdan kənarlaşdırılmasını tamamilə qəbuledilməz hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev “TASS”a müsahibəsində danışıb.
“Cənubi Afrikanın kənarlaşdırılması dəhşətli pozuntudur. G20 kollektiv formatdır və heç kim tərəfindən mənimsənilə bilməz. Əminik ki, nəticə etibarilə problem öz həllini tapacaq. Pretoriyanın mümkün qədər qısa müddətdə danışıqlar masasında öz yerini tutması üçün tərəfdaşlarımızla əlavə addımları nəzərdən keçiririk”, - deyə Berdıyev bildirib.
Qeyd edək ki, G20-nin yüksək səviyyəli görüşü dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığındakı Doralda keçiriləcək.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikanın G20-nin fəaliyyətində iştirakının məqsədəuyğunluğunu şübhə altına alıb. Buna səbəb kimi ölkədə ağdərili azlığa qarşı soyqırım törədilməsini göstərib.
O həmçinin bildirib ki, Cənubi Afrika nümayəndə heyəti birliyin sammitinə dəvət olunmayacaq.
Aysel Mətləb