6 milyard dollarlıq faiz İranın nüvə qapılarını açır
Qətər və Pakistan gərginliyin azaldılması planı çərçivəsində beynəlxalq müfəttişlərin nüvə obyektlərinə buraxılması müqabilində İrana Dohada dondurulmuş 6 milyard dollardan faizlərin verilməsini təklif ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə mənzil-qərargahı Londonda yerləşən "Al Araby Al Jadeed" portalı məlumat yayıb.
"Vasitəçilər ABŞ və İran tərəfindən müsbət qarşılanan bir təklif təqdim ediblər. Bu təklif Tehrana Qətər banklarında dondurulmuş İran vəsaitlərindən — 6 milyard dollardan faizlərin verilməsindən ibarətdir", — deyə nəşrin mənbələri bildirib.
Məlumata görə, təşəbbüs hər iki tərəfin tələblərinin qismən təmin edilməsini nəzərdə tutur. Maliyyə güzəştləri müqabilində İslam Respublikası nüvə dosyası üzrə Vaşinqtona tərəf addım atıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinin öz obyektlərinə "gizli, elan olunmayan səfərinə" razılıq verib.
Portal qeyd edib ki, oktyabrın 20-də Pakistan ordusunun komandanı Asim Munir bu kompromis planını İran rəhbərliyinə təqdim etmək üçün Tehrana gəlib.
Aysel Mətləb