Arktikada 30 illik strategiya dəyişir: Diqqət hərbi quruculuqda!
Avropa İttifaqının (Aİ) yeni Arktika strategiyası təqdim edilib. Bu strategiyada 30 ildən artıq müddətdə ilk dəfə əsas diqqət hərbi quruculuğa yönəldilib.
TodayPress TV xəbər verir ki, sənədi Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Strasburqda Avropa Parlamentində təqdim edib.
“Arktikada təhlükəsizliyi gücləndirmək üçün Aİ üzv dövlətləri və NATO-dakı tərəfdaşları ilə birlikdə döyüş hazırlığını artırmaq, kritik infrastrukturu qorumaq, Aİ-nin Arktika şəraitində fəaliyyət göstərmək imkanlarını genişləndirmək, o cümlədən Avropanın buzqıran gəmilər donanmasını genişləndirmək istiqamətində çalışacaq”, – deyə Avropa Komissiyasının təqdim etdiyi sənədin birinci bəndində deyilir.
Avropa Komissiyası Arktika üzrə ikili təyinatlı texnologiya və texnikanın inkişaf etdiriləcəyini və bunun şimal dəniz sərhədlərinin təhlükəsizliyini və Aİ-nin sualtı infrastrukturunun qorunmasını təmin etməyə imkan verəcəyini vəd edib. Komissiya, həmçinin Arktikada dəniz fəaliyyətinə nəzarətlə məşğul olacaq Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradıldığını elan edib. Bu mərkəzin yaradılmasının ilk mərhələsində şimal enliklərində sualtı dəniz infrastrukturunun, ilk növbədə isə rabitə kabellərinin qorunması və təmiri üzrə struktur yaradılacaq. Qrenlandiyanı Avropa ilə birləşdirən kabellərə xüsusi diqqət yetirilir.
Sənəddə Aİ-nin üzv ölkələrinə qütb şelfində neft və qaz hasilatına icazə verməyə hazır olduğu birbaşa bildirilməsə də, innovativ iqtisadi fəaliyyətin inkişaf etdirilməsi və regionun ekologiyasına zərər vurmadan Arktika ehtiyatlarının hasilatına imkan verəcəyi iddia edilən yeni Arktika texnologiyalarının inkişaf etdirilməsi niyyəti vurğulanır.
Qeyd edək ki, Aİ-nin əvvəlki Arktika strategiyası 2021-ci ildə qəbul edilib və bu mövzuda ondan əvvəl qəbul edilmiş sənədlər kimi, əsasən ekoloji problemlərə həsr olunub.
Aysel Mətləb