Sudan sərhəddində faciəvi qətliam: Çox sayda ölən var - VİDEO
Cənubi Sudan və Sudan arasındakı sərhəddə yerləşən Abyey inzibati ərazisində bazara pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində 150-dən çox insan həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Sudanın Abyey administrasiyasının informasiya departamentinin rəhbəri Yohanna Akol Nqor məlumat yayıb.
“Amiet bazarında çox sayda insan həlak olub – hazırda 153 nəfər. Bazarda yanğın hələ də davam etdiyindən yanıq xəsarətləri alanların sayı artmaqda davam edir”, – deyə o bildirib.
Bazara pilotsuz uçuş aparatları ilə zərbələr oktyabrın 19-da səhər saatlarında endirilib. Akol Nqor hücuma görə məsuliyyəti Sudan Silahlı Qüvvələrinin üzərinə qoyub.
Şahidlərin sözlərinə görə, zərbələr bazarın yanacaq satılan hissəsinə endirilib. Sudan hakimiyyətinə qarşı çıxan “Çevik Dəstək Qüvvələri” hərəkatı Sudanın ərazisində döyüş əməliyyatlarının aparıldığı zonalarda yerləşən bölmələri üçün yanacağı həmin bazardan alır.
Neftlə zəngin Abyey regionu xüsusi inzibati statusa malikdir və Sudanla Cənubi Sudan arasında ərazi mübahisəsinin predmetidir. Cənubi Sudanın 2011-ci ildə müstəqilliyini elan etməsindən sonra ərazinin yekun statusu hələ də həllini tapmayıb.
Aysel Mətləb