AzAK-ın 9 aylıq akkreditasiya göstəriciləri açıqlandı

AzAK-ın 9 aylıq akkreditasiya göstəriciləri açıqlandı
13.11.2026 11:50 Tədbirlər

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Akkreditasiya Mərkəzinə 92 müraciət daxil olub, 101 akkreditasiya attestatı təqdim edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Keyfiyyət üzrə meneceri Ləman Salmanova Bakıda keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə rəsmiləşdirilən akkreditasiya attestatlarının sahələr üzrə bölgüsü aşağıdakı kimidir:

Sınaq laboratoriyaları – 52 attestat;

Kalibrləmə laboratoriyaları – 27 attestat;

Mal, xidmət və işlərin sertifikatlaşdırılması qurumları – 8 attestat;

İnspeksiya orqanları – 6 attestat;

İdarəetmə sistemlərinin sertifikatlaşdırılması təşkilatları – 4 attestat;

Fiziki şəxslərin sertifikatlaşdırılması orqanları – 4 attestat.

Ləman Salmanova ölkə üzrə qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayına dair statistik göstəriciləri də diqqətə çatdırıb.

Bildirilib ki, hazırda sınaq laboratoriyalarının 184, kalibrləmə laboratoriyalarının isə 36 qüvvədə olan akkreditasiya attestatı var. İnspeksiya orqanları üzrə bu göstərici 94, məhsulların və fiziki şəxslərin sertifikatlaşdırılması qurumlarının hər biri üzrə 20 təşkil edir. İdarəetmə sistemlərinin sertifikatlaşdırılması sahəsində fəaliyyət göstərən təşkilatların isə 15 qüvvədə olan attestatı mövcuddur.

Jalə Rövşən


XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər