Bakı Asiyanın turizm mərkəzinə çevrilir

Bakı Asiyanın turizm mərkəzinə çevrilir
29.10.2026 10:18 Tədbirlər

Bakıda Dövlət Turizm Agentliyi (DTA) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilir.

TodayPress TV xəbər verir ki, “Asiya-Sakit Okean regionu Azərbaycanla görüşür: Mənbə bazarından turizm destinasiyasına” mövzusuna həsr olunmuş sammitdə DTA sədri Fuad Nağıyev, PATA-nın sədri Henri Oh (Henry Oh), beynəlxalq qurumun rəsmi nümayəndələri, eləcə də Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya, Cənubi Koreya və Azərbaycanın yerli turizm sənayesindən nümayəndələr iştirak edirlər.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev PATA nümayəndələrini və sammit iştirakçılarını salamlayaraq bu nüfuzlu tədbirin Bakıda təşkilinin Azərbaycanın Asiya-Sakit Okean regionu ilə sıx əməkdaşlıq əlaqələri qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıb.

DTA sədri qeyd edib ki, Azərbaycan 2019-cu ildən PATA-ya üzv olduqdan sonra qurumla fəal əməkdaşlıq edir və bu tərəfdaşlıq hər iki tərəf üçün geniş imkanlar açır. Asiya-Sakit Okean regionunun turizm baxımından ən dinamik inkişaf edən bölgələrdən biri olduğunu bildirən Fuad Nağıyev bu ölkələrlə əlaqələrin genişlənməsinin yeni perspektivlər yaradacağını və təcrübə mübadiləsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Çıxışda Azərbaycan nümayəndə heyətlərinin son illərdə Makao, İstanbul və Cənubi Koreyada keçirilən PATA İllik Sammitlərində, həmçinin Banqkok və Kuçinqdəki "PATA Travel Mart" sərgilərində vahid milli stendlə təmsil olunduğu xatırladılıb. Qeyd olunub ki, cari ildə də ITB China, Indonesia Travel Expo, WITEX kimi beynəlxalq sərgilərdə və Çin, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Koreya, Yaponiyada təşkil edilən rod-şoularda fəal iştirak təmin edilib. Şərq bazarlarına inteqrasiyanı gücləndirmək məqsədilə Pekində Azərbaycanın rəsmi nümayəndəliyinin açılması da vacib addım kimi qiymətləndirilib.

DTA sədri əlavə edib ki, sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50-dən çox turizm nümayəndəsi qonaq olunub. Tədbir Azərbaycanın turizm potensialını təşviq etmək və xarici alıcılar (buyers) ilə yerli turizm subyektləri arasında birbaşa işgüzar əlaqələr (B2B) qurmaq üçün əlverişli platformadır.

Sonda Fuad Nağıyev qonaqlara sammit işində uğurlar arzulayıb, tədbirin ölkəmizin turizm imkanlarının təbliğində və beynəlxalq tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.

Jalə Rövşən

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər