Azərbaycan Türkiyənin Asiyaya açılan qapısıdır — Murat Anar
“Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi önəmli idi. Türkiyə Azərbaycanı Asiyaya açılan qapısı kimi hər zaman yüksək qiymətləndirir”.
Bu sözləri 13-cü Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə jurnalist Murat Anar TodayPress TV-yə açıqlamasında deyib.
O, Türkiyənin digər Türk dövlətləri ilə əlaqələrində Azərbaycanın strateji əhəmiyyətə malik olduğunu bildirib.
“Belə bir ölkənin sədr olması, təbii ki, Türkiyənin digər Türk dövlətləri ilə əlaqələrini daha da gücləndirdi.
Eyni zamanda, son dövrlərdə, xüsusilə Qarabağ Zəfərindən sonra, həqiqətən də parlayan bir Azərbaycan var. Türk dünyasının parlayan ulduzu mövqeyində olan Azərbaycan digər Türk dövlətlərini də bu birlik istiqamətində ciddi addımlar atmağa həvəsləndirir.
Ona görə də Azərbaycan Türk dünyası üçün vazkeçilməzdir. Hətta mən hər zaman bunu söyləyirəm: Azərbaycan Türk dünyasının qəlbidir. Heç kimin Türk kimliyini dilə gətirmədiyi, Türk birliyindən danışmadığı vaxtlarda belə Azərbaycan hər zaman Türkdən yana, Turandan yana olub”, – deyə o bildirib.
Qeyd edək ki, 29–30 oktyabr tarixlərində Ankara 13-cü Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşünə ev sahibliyi edir. Oktyabrın 30-da dövlət başçıları “Türk əsri: Dildə, fikirdə, işdə birlik” şüarı altında keçiriləcək Zirvə Görüşündə iştirak edəcəklər. Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyan görüşdə Türkiyə təşkilata sədrlik səlahiyyətlərini Azərbaycandan təhvil alacaq.
Qiymət Mahir