Florians Zenqstşmid: "Qarabağ hər zaman turizm təbliğatımızın çox mühüm tərkib hissəsidir"

Florians Zenqstşmid: "Qarabağ hər zaman turizm təbliğatımızın çox mühüm tərkib hissəsidir"
29.10.2026 11:07 Tədbirlər

Oktyabrın 29-da Bakıda Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə jurnalistlərə açıqlama verən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid ölkənin Asiya-Sakit Okean regionundakı turizm təbliğatı və gələcək planlar haqqında ətraflı məlumat verib.

2019-cu ildən PATA ilə sıx tərəfdaşlıq edildiyini qeyd edən F.Zenqstşmid bu əməkdaşlığın böyük uğurlara yol açdığını bildirib:

"Biz Azərbaycan Dövlət Turizm Agentliyinin 2019-cu ildən PATA ilə tərəfdaşlıq etməsindən böyük qürur duyuruq. Asiya-Sakit Okean şəbəkəsi çərçivəsində Azərbaycanı çox fəal şəkildə təbliğ edirik. Bu gün Bakıda keçirilən sammitin regionun müxtəlif ölkələrindən 50-dən çox alıcını və turizm tərəfdaşını ölkəmizi canlı təcrübədən keçirmək üçün bir araya gətirməsi böyük nailiyyətdir."

Açıqlamada qonaqların yalnız Bakı ilə kifayətlənməyib, Azərbaycanın regionlarını da gəzdikləri xüsusi vurğulanıb:

"Biz qonaqlarımızı yalnız yerli tərəfdaşlarla görüşmək və biznes imkanlarını müzakirə etmək üçün Bakıya dəvət etməmişik, həm də onları Şamaxıya və gözəl Şəkiyə aparmışıq. Onlar üzüm bağları və əsrarəngiz dağlar boyu səyahət edərək Azərbaycanın ruhunu tam şəkildə hiss edə bildilər. Qonaqlarımızın təəssüratlarını artıq sosial mediada canlı paylaşması və medianın bu məlumatları yayması çox sevindiricidir."

Florian Zenqstşmid çıxışının sonunda Qarabağın turizm potensialına da toxunub:

"Önümüzdəki illərdə PATA ilə tərəfdaşlığımızı daha da gücləndirməyi və Azərbaycana daha böyük tədbirlər gətirməyi hədəfləyirik. Azərbaycan turizm məkanı haqqında danışarkən, təbii ki, zəngin resursları və unikal təbii-mədəni irsi ilə Qarabağ istiqamətini də vurğulayırıq. Qarabağ hər zaman həm dünyada, həm də xüsusilə Asiya-Sakit Okean regionunda ölkəmizin turizm təbliğatının mühüm tərkib hissəsini təşkil edir”.

Jalə Rövşən

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər