Bakıdan Hövsana dəmir yolu xətti çəkilir: Marşrut haralardan keçəcək?
Bakıətrafı ərazilərdə dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində Yeni Suraxanı-Hövsan xəttinin ilk növbədə istifadəyə verilməsi planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xətt Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov stansiyasından keçməklə Yeni Suraxanıya qədər uzanacaq. Buradan isə Hövsan və MİDA yaşayış kompleksinin ərazisindən keçərək Hövsan limanı istiqamətində davam edəcək.
B.Hacıyev qeyd edib ki, yeni xəttin istifadəyə verilməsi Hövsan sakinlərinin şəhər mərkəzinə nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Bununla belə, sərnişinlərin şəhər mərkəzinə çatma müddəti ilə bağlı hazırda dəqiq vaxt söyləmək mümkün deyil.