Ankarada tarixi Zəfərimizin növbəti ildönümü böyük təntənə ilə qeyd olundu - ÖZƏL
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin altıncı ildönümü qeyd olunub.
TodayPress TV-nin Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə keçirilib.
Mərasimdə Türkiyənin rəsmi şəxsləri və siyasətçiləri, diplomatlar, ictimai xadimlər, alimlər, sənət adamları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Ali Baş Komandanın qətiyyəti, müharibə iştirakçılarının qəhrəmanlığı və Azərbaycan xalqının iradəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Səfir çıxışında Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb. O, iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsini strateji əməkdaşlığın və müttəfiqliyin bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirdə xüsusi qonaq kimi iştirak edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Zəfərin regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün yeni imkanlar yaratdığını bildirib.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin əslən azərbaycanlı deputatları, o cümlədən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və qrupun üzvü Cantürk Alagöz də iştirak ediblər.
Tədbir çərçivəsində TodayPress TV-nin əməkdaşları tanınmış ictimai xadimlər, elm adamları, sənətçilər və media nümayəndələri ilə söhbətləşərək onların Zəfər Günü ilə bağlı fikirlərini öyrəniblər.
Terror və təhlükəsizlik siyasətləri üzrə ekspert Abdullah Ağar 44 günlük Vətən müharibəsi haqqında kitab yazdığını, bu əsəri hazırlayarkən müharibə iştirakçıları, şəhid ailələri və qazilərlə görüşdüyünü bildirib. O, Azərbaycan hərbçilərinin qəhrəmanlığını və döyüş meydanında göstərdikləri iradəni şəxsən onların dilindən dinlədiyini vurğulayıb:

“Mən 44 günlük müharibənin kitabını yazdım. Bu kitabı müharibədə iştirak edən şəhidlərimizin yaxınları, qazilər və qəhrəmanlarla danışaraq hazırladım. Azərbaycan qəhrəmanlarının necə böyük mübarizə apardıqlarını, Ermənistan ordusunun qarşısında necə dayandıqlarını, keçilməz hesab edilən dərələri necə aşdıqlarını birbaşa onların öz dilindən dinlədim. Arzu edirəm ki, onların zəfəri həm bu dünyada, həm də axirətdə şərəf və qürur kimi qarşılarına çıxsın. Allah qazilərimizin qaziliyini, şəhidlərimizin şəhidliyini qəbul etsin. Zəfəriniz mübarək olsun!”
Türkiyə Prezidenti Administrasiyasının baş müşaviri, keçmiş AK Parti Artvin millət vəkili İsrafil Kışla da Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. O, bu tarixi günün bütün türk dünyası üçün sevinc və qürur mənbəyi olduğunu deyib:

“Bir türk olaraq bütün Azərbaycanın Zəfər Gününü təbrik edirəm. Bütün türk xalqına xoşbəxtlik və sağlamlıq arzulayıram. Azərbaycanın Zəfər Günü mübarək olsun!”
Qərbi Azərbaycan İcmasının Ankaradakı nümayəndəsi Zafer Aydın Azərbaycanın Qarabağı işğaldan azad etməsinin Türkiyədə böyük sevinc və məmnunluqla qarşılandığını bildirib. O, Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayaraq, bölgənin əbədi olaraq Azərbaycanın tərkibində qalmasını arzulayıb. Professor, həmçinin Şuşada şəhid olmuş tələbəsi Baxış Rahimovu da xatırladıb:

“Azərbaycanımızın 44 günlük müharibə nəticəsində Qarabağımızı azad etməsi bizi son dərəcə sevindirdi. İnşallah, bu torpaqlar qiyamətə qədər Azərbaycan torpağı olaraq qalacaq. Qarabağ onsuz da Azərbaycanın torpağı idi, sadəcə işğal olunmuşdu və işğaldan azad edildi. Bizim canımız Azərbaycan üçün, ürəyimiz, hər şeyimiz fəda olsun. Mənim də bir tələbəm Şuşada şəhid olub – Baxış Rahimov. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Azərbaycanımızın əbədi yaşamasını və daim var olmasını arzulayıram. Zəfərimiz bütün millətimiz üçün mübarək olsun!”
Azərbaycan əsilli türk pianoçu və pedaqoq Əhəd Ələsgərov isə Qarabağın azad edilməsinin onun üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını bildirib:

“Xoşbəxtəm. 45 ildir Türkiyədə yaşayıram. Azərbaycanla Türkiyə arasında mədəni anlaşmalar, gözəl əsərlər səhnəyə qoyulduğu zaman mənim də bu işdə payım olub. Amma Qarabağım – Üzeyir bəyin və anamın vətəni bu gün azaddır! Bayramımız mübarək olsun. Həm Türkiyəyə, həm Azərbaycana xoş günlər arzulayıram. Baş komandanım İlham Əliyevə Allahdan can sağlığı diləyirəm. Allah Azərbaycan xalqını ilhamsız qoymasın. Bir azərbaycanlı sənətçi kimi Türkiyəyə gəlib Azərbaycan mədəniyyətini və musiqisini təqdim etmək mənim üçün böyük xoşbəxtlik olub. Yaşasın Azərbaycanım, yaşasın dövlətim, yaşasın Azərbaycan xalqı!”
Bəstəkar İlyas Mirzoyev də Zəfər Günü münasibətilə Azərbaycan və türk xalqlarını təbrik edib, iki xalqın gələcəkdə daha böyük uğurlara birlikdə imza atmasını arzulayıb:

“Bütün Azərbaycan və türk xalqını böyük Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. İnşallah, bundan sonra da daha böyük uğurlar qazanar, birlikdə olar və xoşbəxt yaşarıq”.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib. Mərasim Xalq artisti Azər Zeynalovun ifası və “Zəngəzur” rəqs qrupunun çıxışları ilə davam edən konsert proqramı ilə başa çatıb.
Erkin Ali - Ankara